top of page

Liseyimiz

  • "İdrak" liseyi
  • 1 Haz 2014
  • 3 dakikada okunur

“İdrak” liseyi S.Vurğun küçəsi 2 ünvanında yerləşir. Lisey binası DİN-nin xüsusi əməkdaşları tərəfindən mühafizə olunur.Məktəbə kənar şəxslərin girişi qadağandır. Liseyin həyətində yol boyunca becərilmiş göz oxşayan bitkilər, həmişəyaşıl ağaclar, çarhovuz, kiçikyaşlı məktəblilər üçün hazırlanmış attraksionlar, məktəb binasındakı səliqə-sahman bura gələnləri duyğulandırır. Lisey üçmərtəbəli binada yerləşir. Binanın birinci mərtəbəsində yerləşən “Fidan” məktəbə hazırlıq qrupu, yeməkxana, həkim otağı və kitabxana, oxu zalı şagird və müəllimlərin xidmətindədir. Yeməkxanada şagirdlər gündə üç dəfə sağlam qida ilə təmin olunurlar. Yeməkxanada sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunur. Liseyin pediatr- həkiminin tərtib etdiyi menyuda şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınır. Onların sağlam böyüməsi və normal inkişafı üçün zəruri olan ərzaqlardan istifadə olunur. Buna görə də xörəklərin hazırlanmasında süd və süd məhsulları, ət və ət məhsulları, müxtəlif karbohidratlar, zülallar, meyvə və tərəvəzlər geniş yer tutur..

Şagirdlərin sağlamlığına nəzarət edən, onların vaxtaşırı müayinədən keçirən tibbi personalın xidməti də diqqətəlayiqdir. Məktəblilər vaxtlı-vaxtında peyvənd olunur, lazımi dərman preparatları ilə təmin edilirlər. Əgər şagirdlərdən birində yoluxucu xəstəlik əlamətləri aşkar edilərsə, vaxtında digər şagirdlərdən izolyasiya edilir və müalicəyə cəlb olunur. Binanın II və III mərtəbələrində isə idman zalı və müxtəlif fənn kabinələri var. Geniş, işıqlı və müasir avadanlıqlarla təchiz edilmiş linqofon otağı, hər cür lazımi əyani vəsait, sxem və şəkillərlə təmin olunmuş fənn kabinələri, kompyuter otağı yüksək keyfiyyətli təhsilin təminatıdır. “İdrak” liseyinin ən üstün keyfiyyətlərindən biri onun güclü müəllim kollektivinə malik olmasındadır. Burada fəaliyyət göstərən müəllimlər şəhərimizin ən nüfuzlu, istedadlı müəllimləridir. Onların hər biri, demək olar ki, öz işinin peşəkarıdır. Bu müəllimlərin əksəriyyəti Azərbaycan Müəllimlər İnstitutunun Dayaq məntəqələrinin rəhbərləri üçün təşkil olunmuş “Öyrədənlərin öyrədilməsi” proqramı üzrə 3 mərhələli təlim kursunu bitirərək “Öyrədən” statusunu qazanmış və ən müasir layihələrin icrasında iştirak edə biləcək səviyyəyə çatmışlar. Müəllimlərimiz davamlı olaraq yeni fənn kurikulumlarının tətbiqi sahəsində təlim kurslarında iştirak edərək öz bilik və bacarıqlarını təkmilləşdirirlər. Onların içərisində Milli Kurikulum əsasında hazırlanmış dərslik komplektlərinin qiymətləndirmə komissiyasının üzvü olan müəllimlər də var. Liseyimiz fəaliyyət göstərdiyi 4 il ərzində məktəb xeyli problemlər üzərində işləmiş, tədrisin keyfiyyətini yüksəltmək sahəsində maraqlı tədbirlər həyata keçirmişdir. ”Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı” problemi isə daim preoritet məsələlərdən olmuşdur. Azərbaycan dili, riyaziyyat, fizika, kimya, biologiya, ingilis dili, rus dili, tarix, coğrafiya və məntiq fənlərinin tədris keyfiyyəti hər yarımildə öyrənilərək üstünlüklər və problemlər araşdırılır, müəllimlərə göstəriş və məsləhətlər verilir, tədrisin keyfiyyəti daim yaxşılaşdırılır. Sinifdənxaric və məktəbdənkənar tədbirlərin kecirilməsi sayəsində şagirdlərin təhsilə marağı artır, dünyagörüşü durmadan inkişaf edir. Liseyin fəaliyyətə başladığı gündən davamlı olaraq keçirilən mədəni kütləvi tədbirlərdə ( “20 Yanvar Hüzn Günü”, “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”, Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə bağlı keçirilən disput, debat, təlim və s.) şagirdlərimizə vətənpərvərlik hissi aşılanır, düşmənlə əsl mübarizənin məhz yüksək savada yiyələnməkdən başlanması fikri təbliğ olunur. Şagirdlərin öz bilik və dünyagörüşlərini artırmaları prosesinə marağı gücləndirmək məqsədilə hər il məktəbdaxili olimpiadalar təşkil olunur. Qaliblər şəhər və respublika turlarına göndərilir. Bu dərs ilində liseyimizin 10- cu sinif şagirdləri Ülvi, Amin, Şəfəq, 7-ci sinif şagirdi Sirac 1-ci və 2-ci yerləri tutaraq müxtəlif mükafatlara layiq görülmüşlər. Artıq 4 ildir ki, yuxarı sinif şagirdlərimiz “İNEPO” Avroaziya müsabiqəsində uğurlu layihələrlə iştirak etmiş, şagirdlərimizdən Ülvi(2009-cu il) və Elşən(2012-ci il) bürünc, Amin isə (2011-ci il) qızıl medala layiq görülmüşlər. 9-cu sinif şagirdi Qasımova Zərintacın yazdığı inşa 2011-2012-ci dərs ilində Sumqayıt Təhsil Şöbəsinin nəşr etdirdiyi “Prezident Sumqayıt uşaqlarının gözü ilə” adlı kitabında dərc edilmişdir. Bütün bu uğurlar işıqlı perspektivdən xəbər verir. Lakin bununla belə qarşımıza bir sıra problemlər də çıxır ki, bu da bizi durmadan işləməyə və daim düşünülmüş, strateji addımlar atmağa təhrik edir. Gələcəklə bağlı planlarımızda iddialı və israrlıyıq. Yeni dərs ilində qarşımızda liseyin şagird kontingentinin sayının artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlər arasında aşağı qiymətalma hallarına son qoyulması, ev tapşırıqlarının icrasında şagird müstəqilliyinin və sərbəstliyinin artırılması, istedadlı şagirdlərlə işin təşkili, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, şagirdlərin asudə vaxtının səmərəli təşkili və s. kimi vacib məsələlər durur. Təhsilin keyfiyyətlini artıran məqamlardan biri də vaxtın düzgün bölüşdürülməsidir. Günün birinci yarısında Təhsil Nazirliyinin təsis etdiyi proqram əsasında təşkil olunmuş dərslərdə iştirak edən şagirdlər saat 16.15–dən saat 17.00– dək öz maraq və bacarıqlarına uyğun əlavə məşğələlərdən yararlana bilərlər. Bura şahmat, rəssamlıq , voleybol, futbol və rəqs dərnəkləri aiddir. Şagirdlərin dünyagörüşünü artırmaq məqsədi ilə tətil zamanı onların respublikamızın ayrı-ayrı rayonlarına, xüsusi əhəmiyyət daşıyan görməli yerlərə aparılması da məktəb tərəfindən təşkil olunur. İyun ayının 1-dən etibarən “Yay məktəbi” fəaliyyətə başlayır. Bir ay ərzində mütəxəssislər tərəfindən tərtib olunmuş, şagirdlərin asudə vaxtının səmərəli təşkili və dünyagörüşünün artırılması məqsədinə xidmət edən proqram-layihə həyata keçirilir. Proqramda şagirdlərin təlim-tərbiyəsinə xidmət edən əyləncəli tədbir və təmrinlər, maraqlı gəzintilər və s. öz əksini tapmışdır. “İdrak” liseyi keyfiyyətli təhsil almaq arzusunda olanların bu niyyətini dəstəkləyir və bu yolda onlara uğurlar arzulayaraq öz xidmətlərini təklif edir. Bu il liseyimizin 32 şagirdi ili “əla” qiymətlərlə başa vurmuşdur. Birinci siniflərdə təhsil alan 18 nəfər şagirddən 16-sı “əla”, 2-si isə “əla” və “yaxşı” qiymətlərlə ilə tamamlamışdır.

© 2008-2015 "İDRAK" LİSEYİ Ünvan: Azərbaycan, Sumqayıt ş., S.Vurğun küçəsi 2 Tel.: (+994 18) 655-59-73, (+994 18) 655-84-71 Email: idrak.office@mail.ru

 
 
 

Comments


bottom of page